SEÇKİ MƏCƏLLƏSİNƏ HƏLƏLİK DƏYİŞİKLİK EDİLMƏYƏCƏKDİR
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AZƏRTAC-ın müxbirinə demişdir ki, mayın 13-də Milli Məclisə keçiriləcək seçkilərə qədər Seçki Məcəlləsinə və seçki praktikasının təkmilləşdirilməsinə dair qanunvericilik aktlarına heç bir dəyişiklik edilməyəcək. Çünki, indi bunu etmək seçki administrasiyasının və bu aksiya ilə məşğul olanların diqqətinin əsas proseslərdən yayınmasına səbəb olardı. Ə.Həsənov onu da bildirmişdir ki, Avropa Şurasının ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə bəyan etmişlər ki, hazırkı Seçki Məcəlləsinin tələbləri və seçki praktikasının təkmilləşdirilməsinə dair ölkə Prezidentinin sərəncamları düzgün icra olunsa, Azərbaycanda tam demokratik, ədalətli və şəffaf seçkilər keçirmək mümkündür. Deməli, hakimiyyətin indiki əsas vəzifəsi məhz mövcud qanunvericiliyi dürüst icra etməkdir. Buna görə də indi bütün diqqət yalnız seçkilərin demokratik, azad və şəffaf keçirilməsinə yönəldilmişdir. Amma seçkilərdən sonra Seçki Məcəlləsinə hansısa dəyişikliklər edilə bilər. Avropa Şurasının, xüsusilə onun Venesiya Komissiyasının Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsinə dair mütərəqqi tövsiyə və təklifləri vardır. Ona görə də seçki sistemini daha da təkmilləşdirmək üçün beynəlxalq təşkilatların kifayət qədər əsaslı təkliflərini nəzərə alaraq, Seçki Məcəlləsinə gələcəkdə dəyişikliklər ediləcəkdir.
Ə.Həsənov təkrar seçkilərdən sonra seçki komissiyalarının da tərkibinin dəyişdirilməsini istisna etməmişdir. O demişdir ki, seçki başa çatdıqdan sonra, hər bir seçkinin və dövrün qanunvericilik tələbinə uyğun olaraq, demokratik, ədalətli seçki keçirmək məqsədi ilə komissiyaların tərkibi də dəyişdiriləcəkdir.