Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsinin qaliblərini mükafatlandırıb
Bakı, 3 fevral, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının səkkizinci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədilə gənclər arasında keçirilmiş hekayə müsabiqəsinin qaliblərini Azərbaycan Gəncləri Günü ərəfəsində mükafatlandırılıblar.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikası Gənclər Fondunun, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin nümayəndələrinin, media təmsilçilərinin iştirak etdikləri tədbirdə Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Silahlı Qüvvələrimizin yaradılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin genişmiqyaslı islahatlarının tərkib hissəsi olaraq yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən səkkiz ildə keçdiyi inkişaf yolundan danışan Z.Abdullayev qurumun ölkəmizdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, gənclər arasında elan olunmuş müsabiqəyə göstərilən böyük maraq Azərbaycan gəncliyində vətənpərvərlik duyğularının kifayət qədər yüksək olduğunun nümunəsidir. Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin Azərbaycan Gəncləri Günü ərəfəsində keçirilməsi də rəmzi məna daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət gənclər siyasəti yeni mərhələdə uğurla inkişaf etdirilir.
Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, gənclərin hərtərəfli inkişafı, onların cəmiyyətdə daha fəal rol oynamaları, xaricdə təhsil almaları istiqamətində müxtəlif proqramların reallaşdırıldığını qeyd edib, Xidmət tərəfindən vətənpərvərlik mövzusunda təşkil olunan müsabiqədə gənclərin kütləvi iştirakının əhəmiyyətini vurğulayıb.
Münsiflər heyətinin sədri, mayor Füzuli İsmayılov bildirib ki, müsabiqəyə 137 yazı daxil olub. Müsabiqənin elanında göstərilmiş tələblərə cavab verən 73 yazı qiymətləndirilməsi üçün münsiflər heyətinə təqdim olunub. Münsiflər heyəti müstəqil qiymətləndirmə apararaq ən yüksək bal toplayan üç nəfəri qalib elan edib. Bununla yanaşı, müsabiqəyə kifayət qədər maraqlı hekayə təqdim edən müəlliflər də alınıb və Xidmət 10 fərqləndirici mükafat təsis edib.
Sonra qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən Biləsuvar rayonunun Çinarlı kənd tam orta məktəbinin şagirdi Dilşad Fərzili, Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəbin şagirdi Famil Orucov, Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi Səkinə Şahverdiyeva müvafiq olaraq ilk üç yerə layiq görülüblər.
Qaliblərə Xidmət tərəfindən müvafiq diplomlar və pul mükafatları təqdim edilib.
Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif olunub.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktorunun birinci müavini Seyfəddin Hüseynli müsabiqə iştirakçılarına xoş arzularını çatdırıblar.
Tədbirdə Xidmət tərəfindən bir neçə il əvvəl keçirilmiş müsabiqədə birinci yeri tutmuş Oğuz rayon məktəblisi Şəbnəm Məcidli hekayə müsabiqəsi qaliblərini hazırladığı kompozisiya ilə təbrik edib.