ELM VƏ TƏHSİL
Səfəvi tarixinə dair Venesiya arxivlərində saxlanılan sənədlərin kataloqu təqdim edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Səfəvi tarixinə dair Venesiya Dövlət Arxivi və Marçiana Milli Kitabxanasında saxlanılan sənədlərin kataloqu”nun təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Təqdimat mərasimində bildirilib ki, kataloq-topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Venesiya Dövlət Arxivində və Marçiana Milli Kitabxanasında saxlanılan 240 arxiv sənədi haqqında məlumat yer alıb. Diqqətə çatdırılıb ki, bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət daşıyan hissələr transkripsiya və italyancadan tərcümə olunaraq nəşrə daxil edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə reallaşan layihənin rəhbəri “Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin sədri Sabit Quliyevdir. Kataloqun tərtibatçısı, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyevdir.
Kataloqun elmi rəyçiləri tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, tarix üzrə fəlsəfə doktorları, dosentlər Fərəh Hüseyn və Mübariz Ağalarlıdır.
Qeyd edək ki, kataloq tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənən tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.