Səfir Kerol Krofts: Britaniya və Azərbaycan arasında çox yaxın təhsil əlaqələri var
Bakı, 14 mart, AZƏRTAC
Böyük Britaniya və Azərbaycan arasında çox yaxın təhsil əlaqələri var. Bizim münasibətlərimiz hər bir ölkə üçün prioritet olan ticarət, mədəniyyət əlaqələrindən tutmuş, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığa qədər genişlənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts “Paşa Bank” ilə səfirlik arasında tərəfdaşlıq memorandumunun imzalanması mərasimində deyib.
Səfir bildirib ki, Britaniya xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əsas ölkə olaraq qalır. Daha bir gəncin Britaniyada təhsil almasının “Paşa Bank” tərəfindən maliyyələşdirilməsinin əhəmiyyətindən danışan səfir bu günədək 185 gəncin “Chevening” təqaüd proqramından yararlanaraq Britaniyada təhsillərini davam etdirdiklərini qeyd edib. Diqqətə çatdırıb ki, “Chevening” proqramı hər bir şəxsin qlobal miqyasda bacarıqlarının artırılmasına xidmət edir. Bu, tələbələrin Britaniyada peşəkar, akademik təcrübə qazanması, eləcə də bu ölkə ilə müsbət əlaqələr qurması üçün unikal imkandır.
Ölkələrimiz arasında əlaqələrə toxunan xanım Krofts səfirliyin Azərbaycan ilə 1994-cü ildən bu proqram çərçivəsində sıx işlədiklərini qeyd edib. Bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin səviyyəsini göstərmək üçün böyük imkan olduğunu deyən səfir ikitərəfli münasibətlərin daha geniş məcrada inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
“Paşa Bank” İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, bankın maliyyə dəstəyi ilə daha bir gənc İngiltərənin nüfuzlu universitetində təhsil almaq imkanı qazanacaq.
Daha sonra “Paşa Bank” ilə səfirlik arasında daha bir gəncin İngiltərədə təhsil almasının “Paşa Bank” tərəfindən maliyyələşdirilməsi haqqında tərəfdaşlıq memorandumu imzalanıb.