Şəhid övladları bayram tonqalını yandırıblar
Göygöl, 17 mart, AZƏRTAC
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Novruz şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində Novruzun minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərini və adət-ənənələrini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən bayram olduğu vurğulanıb və bu əziz bayramın xalqımızın zəngin mədəni irsini, qədim köklərini və milli kimliyini özündə yaşatdığı qeyd edilib.
Bayram şənliyi respublikanın Əməkdar artisti Lalə Məmmədova, ifaçılar Pərviz Abdullayev, Vüsal Hacıyev, region musiqiçilərinin iştirakı ilə konsert proqramı, “İrəvan” rəqs qrupunun milli rəqsləri və məktəblilərin təqdimatında Novruz adətlərini əks etdirən maraqlı səhnəciklərlə davam edib. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Dədə Qorqud və Bahar qızının təbrikləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Şəhid övladları ilə birgə bayram tonqalı alovlandırılıb.
Müxbir - Elcan Məmmədov