REGİONLAR
Şəhidin anasına son sözləri: Ağlasan, məndən incimə...
Sumqayıt, 28 noyabr, Firuz Novruzov, AZƏRTAC
Vətən müharibəsində cəbhəyə yollanan minlərlə qəhrəmandan biri olan Vüsal Allahverdiyevin dediyi “Ağlasan, məndən incimə” sözlərini anası heç zaman unutmayacaq…
AZƏRTAC xəbər verir ki, bu, 1988-ci ildə Qubadlı rayonunda anadan olan, 1993-cü ilin avqustunda ailəsi ilə məcburi köçkün kimi Sumqayıta gələn, 27 il sonra Qubadlını azad etmək üçün cəbhəyə yollanan Vüsal Allahverdiyevin göz yaşlarını gizlicə silmək istəyən anasına bir az da incik dediyi son sözlər olub.
2020-ci il iyulun 12-də Tovuz döyüşləri zamanı həlak olan, təkcə həmyerliləri sumqayıtlıların deyil, bütün Azərbaycanın qəhrəmanına çevrilən general-mayor Polad Həşimovun ölümündən sonra könüllü olaraq hərbi xidmətə yazılan Vüsal beləcə öz yolunu seçdi. Bu, 2006-cı ildə orta məktəbi və 2010-cu ildə Azərbaycan Kooperasiya Universitetini bitirən, hərbi xidmətdən sonra bankda, mağazalar şəbəkəsində, nəhayət, imtahanlardan yüksək balla keçərək Kapital Bankda filial müdiri vəzifəsinə qədər yüksələn gəncin həyat yolu idi.
Atası Tahir Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranı, dayısı Akif Alıyev Birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup Qarabağ müharibəsi əlili, əmisi, hərbçi zabit Mahir Allahverdiyev Vətən müharibəsinin ikinci qrup əlilidir. Vüsal başqa yol seçə bilməzdi. Bu, həyatın diktə etdiyi yol idi…
Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü qoşuldu. Onun döyüş yolu Füzuli, Cəbrayıl, Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdən keçdi.
2020-ci il oktyabrın 30-da Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olan Vüsal böyük Zəfərə 7 gün qalmış Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırıldı.
Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.