Səhiyyə işçilərinə dövlət mükafatları təqdim edilib
Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 13-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2021-ci il tarixli müvafiq Sərəncamlarına əsasən səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə seçilən tibb işçilərinə “Tərəqqi” medalı, “Əməkdar həkim” və “Əməkdar tibb işçisi” fəxri adlarının təqdim olunması mərasimi keçirilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zaur Əliyev səhiyyə işçilərini yüksək mükafatlara layiq görülmələri münasibətilə təbrik edərək bildirib ki, tibb işçilərinin təltif edilməsi onların əməyinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir: “Ölkəmizdə il yarımdır ki davam edən yeni növ koronavirusla mübarizədə ön cəbhədə mübarizə aparan tibb işçiləri əhalinin sağlamlığının qorunmasını təmin etmək üçün böyük əzmkarlıq göstərib və onların sayəsində koronavirusa yoluxanların 94 faizi xəstəliyə qalib gəlib. 44 günlük Vətən müharibəsində səhiyyə işçiləri Zəfərin qazanılması uğrunda böyük fədakarlıq nümayiş etdiriblər, ən çətin anlarda həm arxa cəbhədə, həm də ön cəbhədə xalqın və dövlətin yanında olublar”.
Z.Əliyev agentlik tərəfindən səhiyyə işçilərinin əməyinə diqqət göstərildiyini də vurğulayıb: “Tibb işçilərinin rifah halının yaxşılaşdırılması məqsədilə davamlı tədbirlər görülür. Səhiyyə işçilərinin fəaliyyəti qiymətləndirilir”. O, tibb işçilərinə məsuliyyətli işlərində uğurlar arzulayıb və gələcəkdə də agentliyin onların əməyinin qiymətləndirilməsini diqqətdə saxlayacağını bildirib.
Mərasim Z.Əliyev, N.Bayramova və R.Bayramlı tərəfindən tibb işçilərinə medalların və fəxri adların təqdim olunması ilə davam edib. İyirmi nəfər tibb işçisi “Tərəqqi” medalına, 4 nəfər “Əməkdar həkim”, 8 nəfər isə “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüb.
Tədbirin sonunda “Əməkdar həkim” fəxri adı ilə təltif olunan Lerik Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Vəlixan Bədəlov çıxış edib. O, qeyd edib ki, tibb işçiləri daim Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edir, belə yüksək mükafatlar tibb işçilərini daha məsuliyyətli və peşəkar fəaliyyət göstərmək üçün ruhlandırır. Ölkə səhiyyəsində aparılan quruculuq işlərindən danışan V.Bədəlov icbari tibbi sığortanın tətbiqi ilə tibb müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdığını və tibbi xidmətin keyfiyyətinin artdığını da əlavə edib.