CƏMİYYƏT
Səhiyyə nazirinin Balakəndə keçirdiyi qəbulun nəticələri açıqlanıb
Bakı, 15 iyul (AZƏRTAC). Səhiyyə naziri Oqtay Şirəliyevin iyunun 20-də Balakən Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi qəbulun nəticələri açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir qəbulda iştirak etmiş Balakən, Şəki, Zaqatala, Qax, Qəbələ və Oğuz rayonlarının sakinlərinin problemlərinin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib.
Daxil olmuş müraciətlər əsasında qısa müddətdə 2 nəfər Respublika Klinik Uroloji Xəstəxanasına, 2 nəfər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, 1 nəfər 2 nömrəli Uşaq Klinik Xəstəxanasına, 1 nəfər B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna, 11 nəfər M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, 2 nəfər Respublika Klinik Xəstəxanasına, 2 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Bakı şəhər 6 nömrəli Uşaq Klinik Xəstəxanasına, 1 nəfər Şəki Perinatal Mərkəzinə göndərilib və onların səhhətləri nəzarət altına götürülüb.
Balakən rayonunda kənd xəstəxanasının tikilməsi ilə əlaqədar müraciət etmiş 2 vətəndaşa “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yeni kənd xəstəxanasının tikintisinin nəzərdə tutulması barədə məlumat verilib.
Övladı Belarusda müalicə alan və onun müalicə xərclərinin ödənilməsi ilə əlaqədar müraciət edən şəxsin problemi də müsbət həllini tapıb. Xəstənin bütün müayinə və müalicəsinin dövlət hesabına ödənilməsi şərti ilə ölkəmizə gətirilməsi məsləhət görülüb.
Digər 2 nəfərin xəstəliyi ilə əlaqədar Zaqatala və Balakən mərkəzi rayon xəstəxanalarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.