Səhiyyə Nazirliyinin mütəxəssisi beynəlxalq konfransın panel müzakirəsində iştirak edib
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 9-10-da Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərində “Hər bir uşağın optimal inkişafı üçün erkən uşaqlıq müdaxiləsi” konfransı təşkil edilib.
Tədbirdə Xorvatiya, Azərbaycan, Serbiya, Monteneqro, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Portuqaliya və digər ölkələrin nümayəndə heyətləri iştirak edirlər. Ölkəmizi beynəlxalq konfransda Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin erkən uşaqlıq dövrü inkişafı üzrə mütəxəssisi Yelena İsrafilova və TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva təmsil edirlər.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin mütəxəssisi beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib.