Şəkər çuğunduru istehsalının artırılması və qarşıda duran vəzifələrlə bağlı regional müşavirələr keçirilir
Bakı, 3 fevral, AZƏRTAC
Ağcabədi, Bərdə və Hacıqabul rayonlarında “Respublikada şəkər çuğunduru istehsalının artırılması ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda növbəti müşavirə keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Hacıqabul, Salyan və Şamaxı rayonlarının şəkər çuğunduru istehsalçılarının, yerli icra hakimiyyəti orqanlarının, Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM), İqtisadiyyat Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev çıxış edərək bölgələrdə şəkər çuğunduru istehsalının artırılması üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu potensialın həyata keçirilməsi üçün sahələrin düzgün seçilməsi, toxum, texnika, mineral gübrələr, pestisidlərlə təminat və digər məsələlərlə bağlı yerli istehsalçıların və aidiyyəti qurumların fikirlərinin öyrənilməsinin vacibliyini qeyd edib.
Müzakirələrdə iştirak edən aidiyyəti qurumların nümayəndələri şəkər çuğundurunun yeni məhsuldar sortlarının yaradılması və toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, tarlalarda fermerlərə şəkər çuğundurunun becərilməsi üzrə xüsusi təlim proqramlarının təşkili, innovativ becərmə texnologiyalarının tətbiqinin iri fermer təsərrüfatlarında nümayiş etdirilməsi, suvarma suyunun təminatının yaxşılaşdırılması və s. məsələlərlə bağlı təklif və tövsiyələrini bildirib və aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.