Şəkər və piylər qaraciyərə spirtli içkilər qədər zərbə vurur
Bakı, 5 aprel (AZƏRTAC). Məlumdur ki, qaraciyər bədənin maddələr mübadiləsində əsas rol oynayır və hər hansı bir zərəri asanlıqla neytrallaşdırır. Bu vacib orqana nəyin faydalı, nəyin ziyanlı olduğunu bilirsinizmi?
Seçenov adına Birinci Moskva Tibb Universitetinin professoru, qaraciyər xəstəlikləri üzrə mütəxəssis Aleksey Bueverov bildirir ki, hər kəs qaraciyərə spitli içkilərin ən çox zərər verdiyinə inanır. Mən isə buna əmin deyiləm. Doğrudur, etil spirti bu orqan üçün çox təhlükəlidir. Amma statistika göstərir ki, heyvan yağları və şəkər qaraciyərə daha çox zərər vurur. Hətta şəkər daha ziyanlıdır və qaraciyərdə iltihab verir. Təəccüblü burasıdır ki, yağlar və şəkər qaraciyərdə eynən spirt kimi eyni dəyişikliklərə səbəb olur. Bir müddətdən sonra isə bəzi insanlarda qaraciyər serrozu, bəzən də xərçəng yaradır. Bundan əlavə, şəkər və piylərin həddindən artıq qəbulu orqanizmdə maddələr mübadiləsinin pozulması ilə başa çatır. Bu isə şəkərli diabet və ürək-damar xəstəlikləri, hətta infarktla nəticələnir.
Bir neçə il bundan əvvəl İsveçdə aparılan təcrübələr göstərmişdir ki, qaraciyərə artıq yağ toplanması üçün bir ay ərzində piyli və şəkərli qidaların qəbulu kifayət edir. Təəssüf ki, bu cür qidalanma əksər insanlar üçün xarakterikdir.
“Spirtin təhlükəsiz dozası gün ərzində kişilər üçün 40 ml, qadınlar üçün 20 ml olmalıdır” - Aleksey Buyeverov qeyd edir. Alimin fikrincə, həddindən artıq spirt qəbulu, o cümlədən orta dozada olsa belə spirtin müntəzəm qəbulu qaraciyər xəstəliyinin inkişafı ilə nəticələnə bilər.
Nə qədər təəccüblü görünsə də, rusiyalı alim insanların əksəriyyəti üçün təhlükəsiz olan bitki çaylarını da qaraciyər üçün ziyanlı sayır. Bildirir ki, bizim klinikamızda hepatit diaqnozu qoyulan pasiyentlərin əksəriyyəti otlarla şəfa tapmaq istəyənlərdir. Bu, bəzi dərman bitkilərindəki aktiv maddələri neytrallaşdırmaq üçün xüsusi fermentin olmaması ilə bağlıdır.
Bitki yağı, yumurta (sarısı), paxlalılar, təbii qəhvə, yağsız ət, quş əti, balıq, təzə meyvə və tərəvəz isə qaraciyər üçün çox faydalıdır.