RƏSMİ XRONİKA
ŞƏKİ “AQRO-İNDASTRİ” MMC-NİN SÜD EMALI ZAVODU MÜASİR TİPLİ MÜƏSSİSƏDİR
Prezident İlham Əliyev sentyabrın 19-da Şəki “Aqro-İndastri” MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavodunda olmuşdur.
Dövlətimizin başçısına müəssisənin əsas iqtisadi texniki göstəricisi barədə məlumat verildi. Bildirildi ki, müəssisənin tikintisinə Azərbaycan Beynəlxalq Bankı ilə Hollandiyanın “Roqobank”ı arasında imzalanmış kredit müqaviləsi əsasında 2006-cı ildə başlanmışdır. Müqavilənin ümumi dəyəri 7,28 milyon avrodur.
Şəki-Oğuz şosesinin kənarındakı 70 hektar ərazidə müasir tipli heyvandarlıq kompleksi, damazlıq və südçülük sahələri, pendir zavodu və mal-qara üçün yem istehsalı sexi yerləşir. Kompleksə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 cins inək gətirilmişdir. İndiyədək onlardan 472 bala alınmışdır.
Kompleksdə adi və mexanikləşdirilmiş tövlələr tikilmişdir. İcarəyə götürülmüş 400 hektara yaxın ərazidə yem üçün qarğıdalı, yonca və vələmir əkilir. Hər gün heyvanlara 10 tona yaxın yem verilir. Yem istehsalı üçün müasir tipli dəyirman da tikiləcəkdir.
Müəssisədə gün ərzində 15 min litr süd istehsal olunmaqla 1500 kiloqram Hollandiya pendiri hazırlanması nəzərdə tutulur. İndiyədək müəssisədə 140 iş yeri açılmışdır. İşçilərə pulsuz nahar yeməyi verilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması və ərazisinin genişləndirilməsi nəzərdə tutulur.
Süd sağımı sexindəki bütün avadanlıq Hollandiyadan gətirilmişdir. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, buradan isə pendir istehsalı sexinə ötürülür.
Prezident İlham Əliyev istehsal sahəsinin rəmzi işə salınmasını bildirən düyməni basdı. Sonra tövlələrə, süd sağımı və pendir istehsalı sexinə baxdı, quraşdırılmış müasir avadanlıqla tanış oldu.
Görülən işləri yüksək qiymətləndirən dövlətimizin başçısı bölgələrdə bu cür müəssisələrin yaradılmasının əhəmiyyətini vurğuladı.
Bununla da Prezident İlham Əliyevin Şəki rayonuna səfəri başa çatdı.
######