Şəkidə antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki şəhərinin Xətai küçəsində fiziki şəxs Hüseynov Tərlan Tahir oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı, işıqlanmada istifadə edilən lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi müəyyən edilib.
Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromatik vasitələr və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.