ELM VƏ TƏHSİL
Şəkidə Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası çöl tədqiqatları aparıb
![](/files/galleryphoto/2019/3/1200x630/1574233529716644468_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15742335292377743973_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15742335306504561537_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15742335306543541270_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1574233530134296722_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15742335303629511621_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15742335306256223802_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15742335303512424951_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1574233530598133200_1200x630.jpg)
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində çöl tədqiqatları aparıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-dən noyabrın 20-nə kimi ekspedisiya tərəfindən toplanan materialların kameral təhlili aparılıb, qazıntı sahəsində dron (kvadrokopter) çəkilişləri və taxeometr (total station) cıhazı vasitəsi ilə götürülən topoqrafik ölçülərin əsasında ortofotoplanlar hazırlanıb. Dron çəkilişləri AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşları tərəfindən aparılıb.
Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən ekspedisiyanın həmrəhbəri isə Qazaxıstanın “Berel” Dövlət Tarixi-Mədəni Muzey-Qoruğunun elmi katibi, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvü, professor Zaynolla Samaşevdir. Tədqiqatlar Arxeologiya və Etnoqrafiya İnstitutu ilə “Berel” Dövlət Tarixi-Mədəni Muzey-Qoruğu arasında imzalanmış müqavilə əsasında aparılıb.
Arxeoloji tədqiqatlar zamanı Dəmir və Antik dövrlərə aid müxtəlif dərəcələrdə qorunub saxlanılan qəbir və qurbangah abidələri aşkar edilib. Abidələrdən biri küp, digəri təknə tipli, qalanları isə torpaq qəbirlərdir. Qeyd olunan tarixi dövrlərin qədim əhalisinin həyatının və mədəniyyətinin müxtəlif aspektləri - silahlar, çeşidli keramika qabları, tunc və daş məmulatları, kauri çanaqları və başqa tapıntılar əldə edilib. Ən maraqlı tapıntılardan biri isə üzərində Sarmat tipli damğalar olan saxsı qabdır. Qazıntı sahəsində həm Dəmir dövrünə, həm də Antik və Son Antik dövrlərinə aid olan keramika məmulatlarının olduğu dəfnlər tapılıb. Bu dəfnlərin yaşını müəyyən etmək üçün oradan əldə olunan kömür və sümük qalıqları radiokarbon analizləri üçün aparıcı xarici laboratoriyalara və AMEA-da fəaliyyət göstərən müvafiq laboratoriyaya göndəriləcək. Alınacaq nəticələr əsasında alimlər qədim Azərbaycanda Dəmir dövründən Antik dövrə keçid prosesinin xüsusiyyətlərini müəyyən etməyə çalışacaqlar. Şəkidə aparılan arxeoloji tədqiqatlar qədim Albaniya dövlətinin tarixi təşəkkülü xüsusiyyətlərini və Azərbaycan tarixində İskit dövründən Albaniya dövrünə keçid mərhələlərini müəyyən etmək üçün olduqca böyük əhəmiyyətə malikdir.
Arxeoloji materialın çöl tədqiqatlarında yeni üsullar tətbiq edilib. Təpəbaşı abidəsində dron vasitəsi ilə çəkilişlər aparılıb və taxeometr cıhazı vasitəsi ilə topoqrafik ölçülər götürülüb. Bunların əsasında AutoCAD proqramında fotoqrammetriya texnologiyası ilə ortofotoplanlar hazırlanıb, tapılan hər bir dəfn və qurbangahın ayrıca 3D modelləri yaradılıb.
Ekspedisiya, həmçinin Şəkinin Kiş kəndidəki Doxun abidəsində kəşfiyyat işləri aparıb. Burada da dron və taxeometr cıhazı vasitəsi ilə çəkilişlər aparılıb və məlumatlar toplanılıb. Bunların əsasında Doxun abidəsi ərazisinin ortofotoplanı tərtib edilib.
Zaur Həsənovun sözlərinə görə, Kiş kəndində Antik dövrə aid əsaslı arxeoloji tədqiqatlar Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən 2020-ci ildə də davam etdiriləcək. Bu ekspedisiya Azərbaycan ilə Qazaxıstan arasında elmi əməkdaşlığı daha da möhkəmləndirəcək.