Şəkidə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi diqqət mərkəzindədir
Şəki, 30 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Müharibə şəraitində yaşayan bir ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda Vətənə və torpağa sevgi hisslərinin aşılanması mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyulun 30-da keçirilən “Vətənpərvərlik milli-mənəvi dəyərimizdir” mövzusunda onlayn konfransda səsləndirilib.
Konfransı idarənin rəisi Daşqın Mikayılov açaraq, Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və bu təxribatların qarşısının alınması məqsədilə silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən tədbirlər barədə danışıb. Bildirilib ki, təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb və düşmənə sarsıdıcı zərbə endirilib. Xalqımız ordumuza güclü dəstək nümayiş etdirib, Şəki gəncləri də bu aksiyalardan geri qalmayıblar.
Mübarizənin yalnız səngərdə getmədiyini vurğulayan idarə rəisi, sosial şəbəkələr vasitəsilə də düşmənə layiqli cavab verilməsinin vacibliyini önə çəkib.
Şəhər təhsil şöbəsinin metodisti Abdurrahman Məmmədov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər barədə danışıb.
Fəal gənc Röyal Mürsəlov çıxış edərək şəkili gənclərdə böyük ruh yüksəkliyinin olduğunu, çox sayda gəncin könüllü surətdə müharibədə iştirak etmək üçün qeydiyyata alındığını vurğulayıb.
Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı, Qarabağ müharibəsi iştirakçısı Anar Məmmədov vətənpərvərliyin mahiyyəti, tariximizin qəhrəmanlıqlarla dolu şanlı səhifələri, əcdadlarımızın mübarizliyi barədə danışıb.
Çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmayacağına, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımızın tezliklə düşməndən azad olunacağına əminliyini ifadə ediblər.