Şəkidə “Mən ailəmi qoruyuram!” mövzusunda seminar keçiriləcəkdir
Bakı, 19 iyun (AZƏRTAC). İyulun 2-3-də Şəki şəhərində gənclərin hepatitlə mübarizəsinə həsr olunmuş “Mən ailəmi qoruyuram!” mövzusunda seminar keçiriləcəkdir.
Layihənin rəhbəri, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Günay Əliyeva AZƏRTAC-a bildirmişdir ki, seminar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsi çərçivəsində fondun maliyyəsi hesabına həyata keçirilir.
Layihənin təşkilati dəstəyi Şəki Rayon Mərkəzi Xəstəxanası, sponsorları “Grand Hospital” və “Roche Azərbaycan” şirkətidir.
Seminarda Azərbaycan Respublikasında fəaliyyət göstərən tanınmış həkim hepatoloqlar hepatit virusu, hepatitə yoluxma ilə nəticələnən zərərli vərdişlər, onun müalicə yolları, yoluxma səbəbləri, gənc qadınlarda hamiləlik zamanı hepatitlər və uşaqların hepatitdən qorunması mövzularında təlimlər keçəcəklər.
Seminarın davam edəcəyi 2 gün ərzində 200 gənclə maarifləndirmə işi aparılacaqdır.
Layihənin məqsədi əsrimizin bəlalarından birinə çevrilmiş hepatit xəstəliyinin vaxtında önlənməsi və ona yoluxma hallarının maarifçilik yolu ilə azaldılmasına çalışmaq, hər bir Şəki gəncinin öz ailəsini gələcəkdə bu bəladan qorumaq üçün ətraflı məlumata sahib olması, bu gənclərin ətrafdakı insanları da anlatması yolu ilə daha böyük auditoriyaya çıxış əldə etməkdir.
Hazırda 500 milyondan çox insan Hepatit C və B xəstəliyindən əziyyət çəkir. Hər il 500 min nəfərdən çox insan bu xəstəlik üzündən həyatlarını itirir. Xəstəliyin yayılma səbəblərindən ən birincisi isə bu virus haqqında insanların məlumatsızlığıdır. Dünyanın bütün tanınmış hepatoloqları israrla söyləyirlər ki, bu xəstəlik haqqında bilikləri olan insanlar ondan qorunmağı bacarırlar.
Seminarda iştirak etmək istəyənlər www.menailemiqoruyuram.com saytında qeydiyyatdan keçməlidirlər.
Seminar iştirakçıları “Grand Hospital”da hepatitdən müayinə üçün pulsuz müayinə kuponları da əldə edəcəklər.