ŞƏKİDƏ XALQ ARTİSTİ ARİF BABAYEVİN 70 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 7-də Şəki Dövlət Dram Teatrında xalq artisti, professor Arif Babayevin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Azərbaycan muğam sənətinin inkişafına böyük töhfələr vermiş ustad sənətkarı anadan olmasının 70 illiyi münasibətilə Şəki musiqisevərləri adından təbrik etmiş, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulamışdır.
Şəki bələdiyyəsinin sədri Gülnaz Salamova, “Şəki-İpək” ASC həmkarlar təşkilatının sədri Sevil İsmayılova, Musiqi Texnikumunun direktoru Töhrab Hüseynov, Yazıçılar Birliyi Şəki təşkilatının sədri şair Vaqif Aslan və başqaları yubilyarı təbrik etmiş, ona xoş arzularını bildirmişlər.
Yubiley tədbirində xalq artistləri Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Könül Xasıyeva, Feyruz Səxavət, muğam müsabiqəsinin laureatı Qaçay Əsgərov maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Xalq artisti Arif Babayev səmimi təbriklərə görə şəhər rəhbərliyinə, musiqisevərlərə təşəkkür etmiş, belə bir tədbirin gələcəkdə Qarabağ torpağında keçirilməsini arzulamışdır. Xanəndə mədəniyyət və incəsənətimizin inkişafında Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmiş, muğam sənətinin, milli musiqimizin inkişafına göstərdiyi diqqət və qayğıya görə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.