Şəkili müəllimlər şagirdlərinin evlərinə gedərək dərsləri ilə maraqlanıblar
Şəki, 5 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun Qoxmuq kənd tam orta məktəbin müəllimləri xüsusi karantin rejimi bitən kimi şagirdlərinin evlərinə gediblər.
Şəki Şəhər Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şagirdlərlə görüşün əsas məqsədi internetə çıxışı olmayan uşaqların dərslərə hazırlığı ilə yaxından maraqlanmaq, həmişə olduğu kimi, yenə də şagirdlərin yanında olduqlarını ifadə etmək, onların dərslərə daha həvəslə yamaşmalarına təkan verməkdən ibarətdir.
Müəllimlər virtual dərslərdə iştirak edə bilməyən şagirdlərə əlavə tədris vəsaitləri verib, şagirdlərin anlamağa çətinlik çəkdikləri mövzuları onlara izah edib, həmçinin Təhsil Nazirliyinin təşkilatçılığı ilə telekanallar vasitəsilə yayımlanan “Dərs vaxtı” verilişini müntəzəm olaraq izləməyi tapşırıblar.
Müəllimlərin şagirdlərə qarşı belə həssas münasibəti valideynlər tərəfindən də məmnunluqla qarşılanıb və onlar övladlarının dərslərinə daha ciddi nəzarət edəcəklərini bildiriblər.