ŞƏKİNİN TORPAQ MÜLKİYYƏTÇİLƏRİ DÖVLƏT QAYĞISINA ƏMƏLİ İŞLƏ CAVAB VERƏCƏKLƏRİNİ BİLDİRİRLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 28-də Şəki Şəhər İcra Hakimiyyətində rayonun torpaq mülkiyyətçilərinin Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş geniş toplantısı keçirilmişdir.
Toplantını giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov Azərbaycan Prezidentinin 21 avqust tarixli Sərəncamını, habelə dövlət başçısının 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı ölkəmizdə kənd təsərrüfatı istehsalının stimullaşdırılması və əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan növbəti addım kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, dövlət başçısının diqqət və qayğısından, uğurlu aqrar siyasətindən ruhlanan Şəkinin torpaq mülkiyyətçiləri aqrar bölmənin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsində yüksək fəallıq göstərmiş, nəticədə 2008-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalında uğurlu nəticələr əldə edilmişdir.
Şəhər icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev 2008-ci ilin ötən dövründə Şəkidə aqrar sahədə görülən işlər və Azərbaycan Prezidentinin 21 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı geniş məruzə etmişdir. Məruzəçi xüsusi vurğulamışdır ki, dövlət başçısının 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq ötən il rayon üzrə 12983 nəfər istehsalçıya 2,2 milyon manat, 5703 nəfər buğda istehsalçısına 1,9 milyon manat yardım göstərilmişdir. 2008-ci ildə isə becərdikləri əkin sahələrinə görə 15 min nəfərdən artıq istehsalçıya dövlət yardımının verilməsi nəzərdə tutulur.
Toplantıda vurğulanmışdır ki, 2008-ci ilin yenicə başa çatan məhsul yığımı mövsümü Şəki taxılçıları üçün xüsusilə uğurlu olmuşdur. Rayonun taxılçıları əvvəlki illə müqayisədə 100 min ton çox, bütövlükdə 212 min ton taxıl istehsal etmişlər ki, bu da Şəki əhalisinin taxıla olan tələbatından 4 dəfə çoxdur. İndi Şəki nəinki öz əhalisinin taxıla olan ehtiyacını ödəyir, həmçinin respublikada ən böyük taxıl ixrac edən rayona çevrilir. Qeyd olunmuşdur ki, yüksək reproduksiyalı və məhsuldar toxum sortu tədarük edilib fermerlərə verildikdən sonra Şəkidə taxılın nəhsuldarlığını 35-40 sentnerə, istehsalın həcmini isə 300 min tona çatdırmaq mümkün olacaqdır.
######
![]() |
![]() |

