Səməd Vurğunun Ev-Muzeyində Rəsul Həmzətova həsr olunan poeziya gecəsi keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
"Günay" uşaq teatr-studiyasının təsisçisi və baş rejissoru Larisa Tarusovanın rəhbərliyi ilə "2023-cü ilin kitabları və yubilyar yazıçıları" Respublika layihəsi çərçivəsində Dağıstanın böyük şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Salam əziz dost!" adlı parlaq musiqili-ədəbi kompozisiya təqdim edilib.
AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, yaradıcılıq gecəsi muzeyin direktoru, Səməd Vurğunun nəvəsi Vurğun Vəkilovun dəvəti ilə Səməd Vurğunun Ev-Muzeyində təşkil olunub.
Kompozisiyada "Günay" uşaq teatrının 4-20 yaşındakı bütün üzvləri iştirak ediblər. Çıxışlar beş tematik blok - Rəsul Həmzətov və Səməd Vurğunun dostluğu, Bakı, Vətən, Ana və Ailə mövzuları üzrə təqdim olunub. Şairin son illərdə yazdığı şeirlər isə böyük rəğbətlə qarşılanıb. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında "Əziz dost" şeirinə yazılmış musiqi nömrəsi gecəyə xüsusi rəng qatıb.
Tədbirdə Dağıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin və Bakıdakı Rus evinin əməkdaşları iştirak ediblər.