Şəmkir məktəblisi: Ölkəmizin hər bir guşəsini tanımaq istəyirəm
Qəbələ, 15 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkəmizin hər bir guşəsini tanımaq istəyirəm. Bizim üçün təşkil edilən bu tur-aksiya çərçivəsində qarşıdakı üç gündə Qəbələ, Şəki və Zaqatalanın qədim tarixi məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olmaq imkanı əldə etdiyim üçün çox sevinirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi altında Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Şəmkir rayon Təzəkənd kənd tam orta məktəbin 10-cu sinif şagirdi Anar Əlizadə bildirib.
Şagirdlərin ölkəmizi hərtərəfli tanıması üçün həyata keçirilən maarifləndirici aksiyanın biliklərinin zənginləşdirilməsində oynadığı mühüm roldan danışan A.Əlizadə deyib: “Tur-aksiya çərçivəsində yeni dostlar qazanacaq, bölgələrimiz haqqında ətraflı məlumatlar alacağıq. Elə ilk gündən Qəbələnin bir sıra görməli yerlərinə baş çəkdik. Zoopark, Nohur gölü bizdə dərin təəssürat oyatdı. Növbəti günlərdə isə daha çox yerlə tanış olacağıq. Əminəm ki, Şəmkirə zəngin təəssüratla qayıdacağam”.