Şəmkir rayonunda Yaponiya hökumətinin dəstəyi ilə tikilən yeni xəstəxana istifadəyə verilmişdir
Şəmkir, 26 may (AZƏRTAC, Sabir Əliyev). Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Şəmkirin Sabirkənd kəndində yeni xəstəxana istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayona səfər edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətində olmuş, burada rayonun daha üç kəndində su təchizatı sisteminin inşası layihəsi üzrə qarant müqaviləsinin imzalanması mərasimində iştirak etmişdir. İmzalanma mərasimini Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov açaraq gündoğar ölkənin Azərbaycanda, xüsusilə regionlarda gördüyü işlərdən danışmış və bütün bunlara görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.
Mərasimdə iştirak edən Milli Məclisin deputatları Məlahət Həsənova və Novruz Aslanov, eləcə də Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi yeni qrant layihəsinin əhəmiyyətindən danışmışlar. Sonra səfir Tsuquo Takahaşi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov rayonun üç kəndində su təchizatının yaxşılaşdırılması ilə bağlı qrant müqaviləsini imzalamışlar.
Daha sonra səfir və tədbir iştirakçıları Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Sabirkənddə inşa edilmiş xəstəxananın açılışında iştirak etmişlər. Məlumat verilmişdir ki, müasir standartlara cavab verən səhiyyə ocağında əməliyyat otağı, ultrasəs müayinəsi və stomatoloji kabinetlər, doğum və qəbul otaqları, peyvənd və ailə həkimləri üçün otaqlar yaradılmışdır. Xəstəxananın xidmətlərindən Sabirkəndlə yanaşı, daha üç kəndin əhalisi istifadə edəcəkdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar xəstəxanada yaradılan şəraitlə tanış olmuşlar.