Şəmkirdə əhalinin tibbi müayinəsi rəğbətlə qarşılanır və mütəşəkkil keçirilir
Şəmkir, 17 fevral (Sabir Əliyev, AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin ölkə vətəndaşlarının tibbi müayinəsi ilə bağlı tapşırıq və tövsiyələrə uyğun olaraq keçirilən aksiyaya Şəmkirdə də ciddi hazırlıq işləri görülmüşdür.
AZƏRTAC xəbər verir ki, rayon üzrə 165 min nəfər müayinədən keçirəcəkdir və bunun üçün xüsusi tədbirlər planı tərtib edilmişdir. Həmin planına əsasən mərkəzi rayon xəstəxanasında və poliklinikasında, eləcə də 7 qəsəbə xəstəxanası və 8 kənd tibb məntəqəsində müvafiq hazırlıq işləri görülmüşdür.
Fevralın 17-də səhər tezdən səhiyyə ocaqlarına axışan insanlar növbə ilə qeydiyyatdan keçir, həkimlərin qəbulunda olurdular. Aldığımız məlumata görə, axşam saat 5-dək artıq 5 min nəfərədək rayon sakini tibbi müayinədən keçmişdir. Müayinə zamanı cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələr nəzarətə götürülmüş və əməliyyat üçün hazırlıq işləri başlanılmışdır.
Rayonda tibbi müayinələr davam edir.