Şəmkirdəki klinikada pozuntularla əlaqədar rentgen aparatlarının fəaliyyəti dayandırılıb
Bakı, 16 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərindəki filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilən “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılan yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkarlanan nöqsanların aradan qaldırılmadığı müəyyənləşdirilib.
Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, agentlik “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərindəki filialında rentgen aparatlarının fəaliyyətini məhdudlaşdırıb.