REGİONLAR
Sənaye üsulu ilə kartof əkini İsmayıllıda məhsul istehsalında ciddi artıma səbəb olub
İsmayıllı, 6 dekabr, AZƏRTAC
İsmayıllı rayonunda gələn ilin yazlıq kartof əkini üçün hazırlıq işlərinə başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq bütün ərazilərdə dondurma şumu çıxarılır, yüksək reproduksiyalı toxum tədarük edilir. Rayonda kartof toxumuna tələbatın daha yaxşı ödənilməsi üçün kartof toxumçuluğu təsərrüfatı da yaradılıb. Bu, fermerlərin və fiziki şəxslərin məhsuldar kartof toxumuna tələbatının ödənilməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, rayonda taxılçılıq, meyvəçilik və tərəvəzçiliklə yanaşı, kartofçuluq da inkişaf edir. Hər il rayon üzrə orta hesabla 800-1000 hektar sahədə kartof əkilir. Son üç ildə kartof intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə əkilir. Təsadüfi deyil ki, 2014-cü ildə hər hektardan məhsuldarlıq 84 sentner idisə, cari ildə məhsuldarlıq 117 sentner olmaqla, məhsul istehsalı 6066 tondan 10415 tona çatdırılıb.