“Sənətkarın elmi pasportu” seriyasından ilk monoqrafik tədqiqat
Bakı, 31 yanvar, AZƏRTAC
Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində ədəbiyyatımızın böyük yaradıcıları olmuş şəxsiyyətlərin həyatı və yaradıcılığına həsr edilmiş monoqrafik tədqiqatlara təsadüfdən-təsadüfə rast gəlmək olur. Ədəbiyyat tarixi istiqamətində keçən əsrin 50-70-ci illərində yazılmış monoqrafik tədqiqatlar, çap edilmiş kitablar isə ideoloji cəhətdən köhnəldiyi üçün müasir dövrün tələblərinə tam cavab verə bilmir.
Bu barədə AZƏRTAC-a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı bildirib.
A.Bağırlı deyib ki, klassiklərimizdən tutmuş müasirlərimizədək bütün yazıçı və şairlərimiz haqqında monoqrafik tədqiqatların yazılıb nəşr olunmasına, geniş oxucu auditoriyasına, xüsusən ədəbi-elmi ictimaiyyətə çatdırılmasına yenidən müraciət etmək zərurəti meydana çıxıb. Həmin sahədəki ciddi ehtiyac nəzərə alınmaqla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ildən etibarən ədəbiyyat tarixi ilə bağlı şöbələrin elmi-tədqiqat planlarında həm klassiklərin, həm də çağdaş sənətkarların həyatı və yaradıcılığına həsr olunmuş monoqrafik tədqiqatlara geniş yer ayrılıb. Artıq nizamişünaslıq şöbəsində Nizami Gəncəvinin, qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsində Xaqani Şirvaninin, orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində Məhəmməd Füzulinin, yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində Mirzə Fətəli Axundzadənin, şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsində Aşıq Ələsgərin, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində Mikayıl Müşfiqin və Mehdi Hüseynin, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində Məhəmmədhüseyn Şəhriyarın, ədəbiyyat nəzəriyyəsi şöbəsində Məmməd Cəfər Cəfərovun, ədəbi tənqid şöbəsində Kamal Talıbzadənin və başqalarının həyatı və yaradıcılığına, elmi fəaliyyətinə həsr edilmiş tədqiqatlar tamamlanmaq üzrədir. Hazırda yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları tərəfindən “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafik tədqiqatı hazırlanaraq çap edilib. Bu, dövlət müstəqilliyi şəraitində milli ədəbiyyat tariximizə, yazıçı, tənqidçi və ədəbiyyatşünaslarımızın həyatı və yaradıcılığına elmi-ədəbi pasport formasında yenidən qayıdışın ilk addımı kimi mühüm əhəmiyyətə malikdir.
İnstitutun direktor müavini vurğulayıb ki, “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrünün yeni təfəkkürü işığında, mümkün qədər keçmiş sovet ideoloji stereotiplərindən fərqli mövqedən yazılıb. Monoqrafiyada görkəmli yazıçının həyatı və yaradıcılığı ədəbi-tarixi prosesin reallıqlarına uyğun şəkildə tədqiq olunub. Sovet dövründə Əbdürrəhim bəy Haqverdiyev haqqında yazılmış elmi əsərlər isə bugünkü tədqiqat üçün mənbədir.
“Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı konsepsiyasının həyata keçirilməsində ilk mühüm addım kimi də əhəmiyyət kəsb edir. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar” adlı “Ön söz” həm “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı”, həm də bütövlükdə “Sənətkarın pasportu” seriyasından nəşr ediləcək sonrakı kitablar üçün nəşrin zərurətini əsaslandıran və seriyanın inkişaf yoluna işıq salan mükəmməl elmi-nəzəri müqəddimədir.
A.Bağırlı diqqətə çatdırıb ki, “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış” layihəsi əsasında “Sənətkarın pasportu” seriyası üzrə hazırlanmış birinci monoqrafik tədqiqatdır. Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində yazılmış bu monoqrafiyada görkəmli yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı əhatəli şəkildə təhlil edilib, ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri: dramaturgiyası, bədii nəsri, publisistikası, ədəbi görüşləri, habelə əsərlərində sənətkarlıq xüsusiyyətləri, ədəbi irsinin tədqiqi və nəşri tarixi haqqında geniş və sistemli elmi məlumat verilib.
Qeyd edək ki, layihənin ideya rəhbəri və kitabın ”Ön söz”ünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Monoqrafiya tədqiqatçılar, ali və orta məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulub.