İDMAN
Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın mətbuat üçün açıq məşqi olub
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın mətbuat üçün açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra ənənəyə uyğun olaraq, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev milli komandalarımızın üzvləri ilə görüşüb və onlara tövsiyələrini verib. Qurumun rəhbəri fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına qatılacaq heyəti açıqlayıb, güləşçilərə uğurlar arzulayıb.
Qeyd edək ki, qitə birinciliyində əvvəlcə yunan-Roma güləşçilərimiz mübarizə aparacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) məsul yarışda qüvvələrini sınayacaqlar.
Avropa çempionatının sonuncu günlərində isə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar. Heyətdə Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakarov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yer alıblar.
Hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət yığmamızın heyəti isə yaxın günlərdə açıqlanacaq.
Çempionatın proqramına əsasən, fevralın 10-dan 12-dək yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Fevralın 12-14-də qadınlar xalça üzərinə çıxacaqlar. Fevralın 14-dən 16-dək isə sərbəst güləşçilər yarışlara qatılacaqlar.
Çempionatda Olimpiya kateqoriyalı güləş hakimi Asif Şirəliyev görüşlərin idarə olunmasında iştirak edəcək.