SƏRHƏDÇİ OLMAQ İSTƏYİRSİNİZMİ ?
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan vətəndaşı olan, orta və ya orta-ixtisas təhsili olanlar, C.Naxçıvanski adına hərbi litseyin 17 yaşdan 21 yaşadək məzunları və çağırışçılar ( o cümlədən 2004-cü il sentyabrın 1-dək 17 yaşı tamam olanlar), 21 yaşınadək çağırışçıların, o cümlədən Akademiyaya qəbul ilində iyulun 20-dək 18 yaşı tamam olan şəxslərin hərbi sənədlərində respublika Hərbi Komissarlığının möhlət haqqında qeydiyyatı olanlar, fiziki cəhətdən sağlam olanlar sənədlərini 2004-cü il yanvarın 30-dək təqdim edə bilərlər. Namizədlər TQDK tərəfindən müəyyən edilən 2-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcək, eyni zamanda, onların fiziki hazırlıqları da yoxlanılacaqdır.
Təqdim olunan ərizədə özü haqqında dolğun məlumat (soyadı, adı, atasının adı, doğulduğu il və gün, yaşayış və qeydiyyat yeri, təhsili) olmalıdır. Ərizəyə, həmçinin anket, tərcümeyi-hal, işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə, orta və ya orta ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti (orta məktəb şagirdləri üçün bu ilki qiymət cədvəlindən çıxarış), yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, 6 ədəd ( baş geyimsiz, 3x4 sm ölçüdə) rəngli fotoşəkil əlavə olunmalıdır.
Sənədlər bu ünvanda qəbul olunur: Bakı şəhəri, Azərbaycan prospekti,30, Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatının inzibati binası. Əlavə məlumat almaq üçün həmin ünvana müraciət etmək, yaxud 93-62-47 nömrəli telefona zəng etmək olar.