CƏMİYYƏT
SƏRNİŞİN QATARLARININ HƏRƏKƏT CƏDVƏLİNDƏ VƏ MARŞRUTLARINDA DƏYİŞİKLİK EDİLİR
Yay mövsümünün başlanması, sərnişinlərin arzu və təklifləri nəzərə alınaraq, sərnişin qatarlarının hərəkət cədvəlində və marşrutlarında müəyyən dəyişikliklər edilir.
Dövlət Dəmir Yolu Sərnişin Daşıma İstehsalat Birliyindən bildirmişlər ki, iyunun 2-dən etibarən 55/56 nömrəli Bakı-Moskva qatarı həftədə 3 dəfə - üçüncü, beşinci və bazar günləri saat 16.20-də Bakıdan yola düşəcək, ikinci, dördüncü və altıncı günlər saat 12.35-də Bakıya gələcəkdir.
31/32 nömrəli Bakı-Kiyev qatarı həftədə iki dəfə - ikinci və altıncı günlər saat 18.35-də Bakıdan yola düşəcək, birinci və beşinci günlər saat 16.30-da Bakıya gələcəkdir.
269/270 nömrəli Bakı-Xarkov qatarı isə həftədə iki dəfə - dördüncü və bazar günləri saat 18.35-də Bakıdan yola salınacaq, ikinci və altıncı günlər saat 16.30-da Bakıya gələcəkdir.
191/192 nömrəli Bakı-Rostov qatarının da hərəkət cədvəli dəyişmişdir. Həmin qatar ayın tək günlərində saat 7.35-də Bakıdan yola salınacaq və ayın tək günlərində saat 23.15-də Bakıda qəbul olunacaqdır.
Onu da bildiririk ki, 181/182 nömrəli Bakı-Həştərxan qatarının hərəkəti dayandırılmışdır. Həştərxana və Saratova getmək istəyən sərnişinlər Bakı-Rostov qatarına qoşulan vaqonlarla səfərə çıxa bilərlər.
Sərinişinlərin arzu və təklifləri nəzərə alınaraq, iyunun 3-dən Bakı-Brest istiqamətində sürət qatarı hərəkət etməyə başlayacaqdır. 43/44 nömrəli bu qatar hər həftənin birinci günləri saat 16.20-də Bakıdan yola düşəcək, birinci günlər saat 12.35-də Bakıya qayıdacaqdır. Qatara birbaşa Bakı-Qomel istiqamətində hərəkət edən vaqon da qoşulacaqdır.
Eyni zamanda, iyunun 2-dən etibarən Bakı-Simferepol və Bakı-Lvov istiqamətində sərnişin vaqonları da ayrılmışdır. Birbaşa hərəkət edəcək bu vaqonlar 31/32 nömrəli Bakı-Kiyev qatarına qoşulacaqdır.