Şərqşünaslıq İnstitutu: elmi araşdırmaların icrasına dair onlayn fikir mübadiləsi aparılır
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun da əməkdaşları elmi fəaliyyətlərini evdən davam etdirirlər. İnstitutdan AZƏRTAC-a bildirilib ki, Cənubi Azərbaycan şöbəsinin əməkdaşları qəbul edilmiş illik plan işlərinin yerinə yetirilməsi ilə məşğul olurlar.
Şöbənin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin sözlərinə görə, əməkdaşlar illik plan işi üzrə mövzularına dair internet vasitəsilə material toplayır, mətnlərin tərtibi və yazılması ilə məşğul olur, müvafiq məqalə və publisistik yazılar hazırlayaraq internet səhifələrinə yerləşdirirlər.
“Şöbənin bütün əməkdaşları plan işi mövzusu olaraq “Cənubi Azərbaycan tarixinin oçerki (1917-1979-cu illər)” kitabının 2-ci cildi üzərində işləyirlər. Mövzu 3 il müddətinə tamamlanmalıdır. “Evdə qal” kampaniyası müddətində şöbə əməkdaşları ilə onlayn əlaqə saxlanılıb, elmi araşdırmaların icrasına dair fikir mübadiləsi aparılıb. Mən özüm illik plan işi üzrə mətni tam hazırlamışam. Mətn üzərində müvafiq elmi redaktə işləri aparılır. Azərbaycan Demokrat Firqəsinin (ADF) orqanı “Azərbaycan” qəzetinin 2-ci cildinin Saleh Dostəliyev tərəfindən transliterasiya edilmiş mətnləri üzərində redaktə işləri ilə məşğul olmuşam. Artıq 1120 səhifə üzərində işlər tamamlanıb. ADF MK üzvü Mirvahab Əfxəminin 1978-ci ildə Təbrizə qayıdaraq “Azərbaycan” qəzetinin nəşrinin bərpasında fəaliyyəti və keçdiyi mübarizə yolu, həbsi və edamı barədə məqalə hazırlayıb “Mühacir” saytında çap etdirmişəm. Habelə ADF MK-nın üzvü, sədrin müavini, 1978-ci ildə Təbrizə gedərək siyasi fəaliyyət göstərmiş Ənuşirəvan İbrahimi haqqında irihəcmli elmi məqalə hazırlamışam. Ş.M.Xiyabani hərəkatının 100 illiyi münasibətilə internet səhifələrində oxucuların diqqətinə ilk dəfə elmi dövriyyəyə cəlb edilə biləcək 10-a yaxın yazılı material yerləşdirmişəm. Şöbəmizdə təcrübə keçən Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsində Qafqaz üzrə regionşünaslıq ixtisasında təhsil alan 4-cü kurs tələbəsi Samir İsayevlə də mütəmadi əlaqə saxlanılıb, ona lazımi tapşırıqlar verilib”, - deyə Səməd Bayramzadə bildirib.