Şərqşünaslıq İnstitutunda Anım Gününə həsr olunmuş elmi sessiya
Bakı, 25 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Vətən eşqi məktəbində can verməyi öyrənmişik” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından tarixi əhəmiyyət daşıdığını bildirib. Akademik qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonlarında uzun illər davam edən işğalına son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 27 Sentyabr - Anım Günü Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərə ehtiramın ifadəsidir.
Elmi sessiyada “Şəhidlikdən Zəfərə, Zəfərdən Quruculuğa”, “27 Sentyabr - şəhidlərimizin Anım Günü, milli birliyimizin Zəfər Günü”, “Vətən müharibəsi: tarixi yaddaş və elmi məsuliyyət”, “27 Sentyabr - Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə Vətən müharibəsi və Qarabağ Zəfərinin tarixi əhəmiyyəti, şəhidlərin Qələbənin əldə olunmasındakı rolu və Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələləri təhlil olunub. Həmçinin Anım Gününün təsis edilməsinin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin və onun yaratdığı tarixi proseslərin hərtərəfli tədqiqi Azərbaycan tarixşünaslığının qarşısında duran mühüm vəzifələrdəndir.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.