Şərqşünaslıq İnstitutunun illik hesabat iclası keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva institutun 2025-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Hesabatda 2024-cü ildə institut əməkdaşlarının “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.
İl ərzində institutda elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb, plan üzrə icra olunan 111 elmi-tədqiqat işinin hamısı bu il başa çatdırılıb.
Hesabat ilində institutda 28 kitab çap edilib, 17 kitab çapdadır. Çap olunan kitablar sırasında akademik Ziya Bünyadovun əsərlərinin 2 cildliyi (“Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəyləri dövləti”), akademik Gövhər Baxşəliyevanın rus dilində çap olunan “Əbü-l-Fərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı), Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” və başqa nəşrlər qeyd edilib. Bu il, həmçinin “Mərkəzi Asiya Ölkələri: tarix, cəmiyyət və mədəniyyət” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr topluları, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi nəşr olunub.
2025-ci ildə institut əməkdaşlarının 400-dən artıq məqalə, məruzə və tezisi çap olunub ki, bunlardan da 50-si xaricdə işıq üzü görüb.
Hesabatda, həmçinin institutda elmlər və fəlsəfə doktorlarının hazırlığı, Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının fəaliyyəti, burada həyata keçirilən elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi, institutun Elmi Şurasının elmi-təşkilati fəaliyyəti, təltiflər, elektron elmin vəziyyəti barədə və digər məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra hesabat ətrafında müzakirələr aparılıb.
İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və AMEA-nın akademik katibi xidmətinin elm katibi Səfa Qarayev çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2025-ci ildəki fəaliyyətini müsbət qiymətləndiriblər.