SERTİFİKATLAŞDIRILMAMIŞ MƏHSULLARIN RESPUBLİKA ƏRAZİSİNƏ İDXALININ QARŞISI ALINACAQDIR
Son vaxtlar bir sıra xarici-iqtisadi əlaqələr iştirakçıları tərəfindən Azərbaycan ərazisinə uyğunluq sertifikatı olmadan malların idxalına, o cümlədən onların ölkəmizdə satılmasına və istifadə edilməsinə cəhdlər göstərilir. Bu da öz növbəsində istehlakçıların mənafeyinin müdafiəsinə və daxili bazarın keyfiyyətsiz mallardan qorunmasına ciddi zərbə vurur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Dövlət Gömrük Komitəsi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi birgə müraciət qəbul etmişlər. Müraciətdə bildirilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə qanunvericilik aktları və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən məcburi sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda, belə malları (o cümlədən xarici malları) Azərbaycanda satmaq və istifadə etmək qadağandır.
Bu cür malların ölkəmizin ərazisinə idxal olunması üçün tələb olunan əsas sənədlərdən biri də Azərbaycan Prezidentinin 1997-ci il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda nəzərdə tutulmuş uyğunluq sertifikatıdır. Məcburi sertifikatlaşdırılmalı olan malların siyahısı isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiqlənmişdir.
Müraciətdə vurğulanır ki, Azərbaycan Prezidentinin 2002-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə müvafiq olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycana idxal olunmuş (sərbəst dövriyyəyə buraxılan və ixrac olunacaq malların, işlərin, xidmətlərin) standartların tələblərinə, metroloji qayda və normalara sertifikatlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi qaydalarına uyğunluğuna dövlət nəzarəti həyata keçirilməlidir.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 10-cu maddəsi və ölkə Prezidentinin 1998-ci il 27 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də isə gömrük orqanlarının əsas funksiyalarından biri kimi Azərbaycan ərazisinə idxal olunan malların istehlakçılarının mənafeyinin müdafiəsi sahəsində tədbirlər həyata keçirilməsini dəstəkləmək göstərilmişdir.
Sənəddə bir daha bəyan edilir ki, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsulların ölkə ərazisinə idxalının qarşısı mütəmadi olaraq alınmış və bundan sonra da qətiyyətlə alınacaqdır. Bu sahədə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi hər iki dövlət orqanı tərəfindən təmin olunacaqdır.