ELM VƏ TƏHSİL
Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafı üçün vacibdir ŞƏRH
![Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafı üçün vacibdir ŞƏRH](/files/2024/2/1200x630/17178386951178258907_1200x630.jpg)
Bakı, 8 iyun, AZƏRTAC
Müəllimlərin sertifikatlaşdırılması onların peşəkarlıq səviyyəsini qiymətləndirmək və öyrənmə ehtiyaclarını müəyyən etmək məqsədilə aparılır. Bu proses iki mərhələdən ibarətdir. Birinci mərhələnin, yəni test imtahanı mərhələsinin məzmunu “Müəllimlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi”nə əsasən müəyyən edilir. Sertifikatlaşdırma ümumi təhsil müəssisələrində tədrisin səmərəliliyini yüksəltməyə xidmət etdiyi üçün ümumilikdə təhsilin keyfiyyətinin artırılmasına təsir edən amillərdən biri kimi qəbul edilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O bildirib ki, sertifikatlaşdırmaya cəlb olunan müəllimlər daha üstün bacarıq və yanaşmalar nümayiş etdirmək niyyətində olur: “Bu baxımdan sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Uğurlu olmaq üçün müəllimlər qabaqcıl təcrübələri araşdırır, özlərinin fərdi öyrənmə ehtiyaclarını müəyyənləşdirməyə, peşəkar inkişaf imkanlarını dəyərləndirməyə cəhd edirlər.
Bildiyimiz kimi, özünüinkişaf meyilləri ömür boyu öyrənmə mədəniyyətini formalaşdırır. Odur ki, sertifikatlaşdırmanı tədrisin keyfiyyətini artıran və şagird nəticələrini yaxşılaşdırmağa təsir edən amillərdən biri hesab edə bilərik. Digər tərəfdən, sertifikatlaşdırmadan keçmiş müəllimlərə valideynlər daha çox inanırlar ki, bu da təhsil prosesi haqqında ictimai fikrin formalaşmasına təsir edir”.
Nəzakət Mehdiyeva bildirib ki, sertifikatlaşdırma ilə müəllimlərin təlim ehtiyacları müəyyən edilir və daha çox ehtiyaclara hədəflənmiş ixtisasartırma proqramları hazırlanır: “Məzmunu öyrənməyə və təkmilləşdirməyə ehtiyacı olan müəllimlərə məzmun, metodik yanaşmalarla bağlı çətinlikləri olanlara isə fənlərin metodikası ilə bağlı təlim proqramları təqdim edilir və bundan sonra da bu işin davam etdirilməsi nəzərdə tutulur. Ehtiyaclara uyğun proqramlardan biri sertifikatlaşdırma imtahanında uğur qazana bilməyən müəllimlər üçün nəzərdə tutulmuş fənnin məzmunu ilə bağlı təlim proqramıdır. 2023-cü ildə 5495 nəfər ibtidai sinif müəllimi, 493 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisas fənləri üzrə bu kateqoriyadan olan təlimlərə cəlb edilib.
Sertifikasiyaya cəlb olunan müəllimləri istiqamətləndirmək üçün də müəyyən tədbirlər görülür. Təhsil İnstitutu tərəfindən davamlı şəkildə sertifikasiyaya dəstək məqsədilə vebinarlar təşkil olunur, müxtəlif məzmunlu oxu materialları hazırlanaraq institutun rəsmi saytında yerləşdirilir.
Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafı üçün də vacib addımdır. Belə ki, ümumi təhsil müəssisələrinə direktor, direktor müavini seçimlərində namizədlərin sertifikatlaşdırma nəticələrinə baxılması, fəxri adlar verilərkən diqqətdə saxlanılması nəzərdə tutulur. Sertifikatlaşdırmada yüksək nəticə göstərmiş müəllimlərin bir qrupu məktəbdaxili metodiki xidmət fəaliyyətinə cəlb olunub. Hələlik belə məktəblərin sayı 45-dir və getdikcə artacağı planlaşdırılır”.