Səsvermədə şəffaflığı təmin etmək üçün bütün zəruri işlər görülüb
Ağsu, 11 aprel, AZƏRTAC
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi 63 məntəqəni əhatə edir. Bu gün - aprelin 11-də dairə üzrə səsvermə hüququ olan 40 min 717 nəfər seçici ölkəmizin həyatında mühüm hadisə olan Prezident seçkilərində öz seçimlərini etməlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8:00-dan başlayaraq insanlar məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər.
Hər yerdə, o cümlədən Ağsu şəhərindəki 4 saylı seçki məntəqəsində də böyük qələbəlik vardı. Yenicə səs verib həyətə çıxan 74 yaşlı Nurulla Nuriyev AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə tam demokratik seçki sisteminin yaradıldığını söylədi.
Qeyd edək ki, bütün məntəqələrdə səsvermənin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənilirdi. 9 məntəqədə veb-kamera quraşdırılıb.
X X X
Şamaxı sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək ölkəmizin həyatı üçün mühüm siyasi kampaniya olan prezident seçkilərində fəallıq göstərirlər. Səhər saat 8:00-dan etibarən seçicilər mütəşəkkilliklə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.
85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırkı seçkilərdə 63 məntəqə üzrə 41 min 493 nəfər seçici səs verməlidir. Məntəqələrdə səsvermənin seçki məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb. 11 məntəqədə veb-kamera quraşdırılıb. Səsvermənin gedişini ayrı-ayrı siyasi partiyalardan olan və öz təşəbbüsü ilə 640 nəfər yerli müşahidəçi, habelə ATƏT-in iki nümayəndəsi - Maslina Alesia və Kristop Hubert Aleksander izləyir.
X X X
57 saylı Kürdəmir seçki dairəsi 41 seçki məntəqəsini əhatə edir. Bu məntəqələr üzrə 43 min 50 nəfər seçici prezident seçkilərində öz seçimlərini etməli, istədiyi namizədə səs verməlidir. Rayonda səhər saat 8:00-dan başlayaraq seçki kampaniyasının mühüm mərhələsi olan səsverməyə mütəşəkkilliklə başlanılıb.
Dairə seçki komissiyasının sədri Əbülfət Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol vermədən davam edir. Hazırda səsvermənin gedişini ayrı-ayrı siyasi partiyalardan olan, habelə öz təşəbbüsü ilə 572 nəfər yerli müşahidəçi izləyir.
X X X
Aprelin 11-də səhər saat 8:00-dan 91 saylı Ucar seçki dairəsində də səsvermə prosesinə başlanılıb.
Dairə seçki komissiyasının sədri Abdulrəzaq Abbasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairənin əhatə etdiyi 42 məntəqədə səsvermə seçki məcəlləsinə uyğun olaraq demokratik və şəffaf keçir.
Bu gün səsvermədə səsvermə hüququ olan 42 min 987 nəfər seçici iştirak etməlidir. Bütün məntəqələrdə səsvermə prosesini 475 nəfər yerli müşahidəçi izləyir. Səsvermənin gedişi, habelə beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in iki nümayəndəsi, MDB-dən gələn dörd müşahidəçi tərəfindən də izlənilir.
X X X
92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə təşkil edilən 48 məntəqədə səsvermə prosesinə uğurla start verilib.
Dairə seçki komissiyasının sədri Mehdi İsmayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seçkilərə hazırlıq mərhələsində görülən işlər, vətəndaşların ictimai-siyasi fəallığı bu gün səsvermə kampaniyasının mütəşəkkil keçməsində mühüm şərtdir. Artıq insanlar müstəqil Azərbaycanın dinamik inkişafının, işıqlı gələcəyinin bu seçkilərdən çox asılı olduğunu aydın başa düşür, öz məsuliyyətlərini dərk edirlər. Səsvermənin ilk saatlarından etibarən minlərlə seçicinin məntəqələrə gələrək öz seçimlərini etmələri elə bunun aydın təzahürüdür. Ümumiyyətlə, dairə üzrə səsvermədə 41 min 730 seçici istədiyi namizədə səs verməlidir.
Səsvermə kampaniyasında hər kəsin öz idarəsi ilə, azad, sərbəst seçim etməsinə imkan verən mühit yaradılıb. Səsvermənin gedişini izləmək üçün 550 nəfərdən çox yerli müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq təşkilatlardan isə 2 müşahidəçi var.
X X X
87 saylı İsmayıllı seçki dairəsinin əhatə etdiyi 69 məntəqədə prezident seçkilərinin mühüm mərhələsi olan səsvermənin ilk saatlarından sakinlər yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirirlər. Onlar məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.
Dairə seçki komissiyasının sədri Əlirəmzi Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səsvermədə dairə üzrə 41 min 40 nəfər seçici iştirak etməlidir. Bütün məntəqələrdə səsvermənin azad, demoktarik və şəffaf keçirilməsi üçün qanuna müvafiq olaraq hər cür şərait yaradılıb. Səsvermənin gedişini ATƏT-dən, MDB ölkələrindən olan beynəlxalq müşahidəçilər, habelə 704 nəfər yerli müşahidəçi izləyir. Altı məntəqədə veb-kamera quraşdırılıb.