Səudiyyə Ərəbistanı Azərbaycanla uzunmüddətli iqtisadi əməkdaşlıqdan məmnundur
Qahirə, 30 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Azərbaycanla uzunmüddətli iqtisadi əməkdaşlıqdan məmnundur və hazırdan iki ölkə “OPEC+” çərçivəsində qlobal enerji bazarında sabitliyin təmin edilməsi üzrə fəaliyyətdə uğurla iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının Krallığının “ACWA POWER” şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələrin onlayn imzalanması mərasimindən sonra rəsmi SPA informasiya agentliyinə müsahibəsində Krallığın Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud söyləyib.
Nazir vurğulayıb ki, Azərbaycan “OPEC+”a üzv ölkələrdən biri kimi qlobal neft bazarında sabitliyin möhkəmlənməsində mühüm rol oynayır. O əlavə edib: “Biz Azərbaycanın Əməkdaşlıq Bəyannaməsi çərçivəsində öz öhdəliyini tam şəkildə yerinə yetirməsini yüksək qiymətləndiririk və son vaxtlar bu istiqamətdə böyük uğurlar əldə olunub”.
Əbdül Əziz bin Salman Əl-Səud əmin olduğunu bildirib ki, imzalanmış müqavilə Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə olacaq. Onun sözlərinə görə, “ACWA POWER” şirkəti gələcəkdə də Azərbaycan hökumətinin elektrik enerjisi tələbatının ən yüksək beynəlxalq standartlara uyğun təmin edilməsi sahəsində səylərini dəstəkləyəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə