CƏMİYYƏT
Səudiyyə Ərəbistanı mediası: Azərbaycanın ərəb ölkələri ilə əməkdaşlığı güclənir
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II İqtisadi Forumu ilə bağlı xəbərlər Səudiyyə Ərəbistanı Krallığın aparıcı media orqanlarında (“Aawsat”, “Alyaum”, “Argaam”, “Sabq”, “Al-Jazirahonline”, “Aleqt”, “Al-Madina”) geniş şəkildə işıqlandırılıb. Məqalələrdə bildirilib ki, Forum Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, Səudiyyə mediasının yazdığına görə, tədbirdə hər iki tərəfdən 400-ə yaxın müxtəlif sektorlarda fəaliyyət göstərən nümayəndə iştirak edib. KƏŞ ölkələrindən Azərbaycan iqtisadiyyatına indiyədək birbaşa yatırılan sərmayənin həcmi 4 milyard dollar olub. Azərbaycan ilə KƏŞ ölkələri arasında ticarət dövriyyəsi ötən il 2,5 dəfə artaraq 175 milyon dollara çatıb. Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilib.
Həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən iclası da Səudiyyə Ərəbistanı Krallığının mediasında (“Əş-Şərq Əl-Avsət”, “Əl-Riyad”, “Okaz”, “Ahval”, “Sahm”, “Al-Madina”, “Ajel”) geniş şəkildə işıqlandırılıb. Xəbərlərdə 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı BPA-nın hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağının sentyabrın 29-dan oktyabrın 2-dək paytaxt Bakı şəhərində keçirildiyi barədə məlumat verilib. Bildirilib ki, sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası baş tutub. İclasda BPA-nın gələcək strategiyası və fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə olunub. Tədbirdə təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbulu, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. Yekunda BPA-nın 30-cu İllik Konfransı və Ümumi Yığıncağının Sinqapurda, 31-ci İllik Konfransı və Ümumi Yığıncağının isə Səudiyyə Ərəbistanı Krallığında keçirilməsi barədə qərar qəbul olunub.