Səudiyyə Ərəbistanında koronavirus tüğyan edir: qurbanların sayı artaraq 100 nəfəri ötmüşdür
Bakı, 28 aprel (AZƏRTAC). Səudiyyə Ərəbistanında koronavirus tüğyan edir. Virus qurbanlarının sayı artaraq 102 nəfərə çatmışdır. Təkcə ötən gün səkkiz adam bu virusdan ölmüşdür. Laboratoriya yolu ilə bu təhlükəli virusa daha 16 yoluxma faktı qeydə alınmışdır.
Müsəlmanlar üçün müqəddəs Ramazan ayı yaxınlaşdığı üçün yaxın günlərdə epidemioloji vəziyyət ağırlaşa bilər, çünki Krallıq yüz minlərlə zəvvarı qəbul etmək ərəfəsindədir.
Ötən il virusun yayılması səbəbindən Qurban bayramı zamanı zəvvarların Məkkəyə gəlişi məhdudlaşdırılmışdı.
Xəstəliyin ən yüksək səviyyəsi Qırmızı dənizin sahilində yerləşən Ciddə şəhərində qeydə alınmışdır. Əhali arasında qorxu hissi artmaqdadır. Səudiyyə Ərəbistanı Kralı xalqı şəxsən sakitləşdirmək üçün aprelin 24-də Ciddəyə getmişdir.
Krallığı təhdid edən koronavirus “Yaxın Şərq” virusu sayılır. O, ilk dəfə 2012-ci ildə məhz Səudiyyə Ərəbistanında aşkar edilmişdir. Mütəxəssislər hesab edirlər ki, xəstəliyin mənbəyi, çox güman, Ərəbistan yarımadasında məskunlaşan birdonqarlı dəvələrdir. Cavan dəvələrin 35 faizində aktiv virus aşkar edilmişdir. Xəstəliyə ilk dəfə dörd birdonqarlı dəvənin sahibi yoluxmuşdur.
Təhlükəli xəstəlik başqa ölkələrə də yayılır: məsələn, İordaniya, Fransa, Böyük Britaniya və Almaniyada yoluxma halları qeydə alınmışdır. Xəstəliyi müalicə edən dərman preparatları isə hələlik yoxdur.