SİYASƏT
Seulda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, iş adamlarının iştirak etdikləri tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Rəmzi Teymurov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, yaratdığı dövlətçilik məktəbindən danışıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti onun şah əsəri olan müasir müstəqil Azərbaycanı yaratmasıdır. Heydər Əliyev yalnız Azərbaycan miqyasında deyil, həmçinin dünya siyasətində nadir şəxsiyyət idi.
Digər çıxış edənlər Ümummilli Liderin bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq, məhz xalqın dəstəyi ilə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini bildiriblər. Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı.
Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Tədbir iştirakçıları Ümummilli Liderin anım gününə həsr edilmiş kitab sərgisi ilə də tanış olublar.