“Sevimli həkimlər” treninq layihəsi başa çatıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Sevimli həkimlər” treninq layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə martın 5-dən 16-dək İsrailin Ben Gurion Universiteti və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftlerin təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyi, Tibb Universiteti və Mədəniyyət və İncəsənət Universiteti ilə birgə həyata keçirilib.
Mərasimi açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Bakıda iki həftəyə yaxın davam edən layihənin iştirakçılarına təşəkkürünü çatdıraraq deyib: “Layihə gözlədiyimizdən də uğurlu alındı. Təəssüf ki, pasiyentlər arasında uşaqların sayı da az deyil və onlar müxtəlif diaqnozlarla ölkə xəstəxanalarında müalicə olunurlar”.
Rektorun dediyinə görə, bir çox ölkələrdə xəstə uşaqların müalicəsində incəsənət terapiyasının (art terapiyanın) müxtəlif növləri artıq geniş istifadə olunur: “Art terapiyanın növlərindən biri və ən müasiri klounların iştirakından istifadə etməkdir. Bir çox xəstə uşaqların müalicəsində tibbi klounların istifadəsinin pioneri olan İsrailin “Dream Doctor” qeyri-hökumət təşkilatı digər ölkələrdə də böyük nüfuz qazanıb”.
“Sevimli həkimlər” layihəsinə 2002-ci ildə İsraildə start verildiyi qeyd olunub. Layihənin məqsədi uşaq və böyüklərə hər yerdə və hər zaman kömək etməkdir. “Sevimli həkimlər”in iştirakı ilə həm pasiyentə, həm də onun ailə üzvlərinə dəstək verilir, stress azaldılır və müalicə prosesi asanlaşır. İsraildə münaqişələr zamanı onlar sığınacaqlarda uşaqlara və onların ailələrinə stress vəziyyətinə tab gətirməkdə yardım göstəriblər.
İndi onlar dünyanın müxtəlif ölkələrində təlim proqramları, konfranslar və humanitar missiyalar təşkil edirlər. Layihə İsrailin 29 xəstəxanasını əhatə edib. Rektorun dediyinə görə, hazırda dünyada 200 minə yaxın xəstə uşağın müalicəsində həmin üsul tətbiq edilir. Tibb Universiteti uşaqların müalicəsində dünyada istifadə olunan müasir metodları ölkəmizə gətirmək və onlardan istifadə etməyi planlaşdırır.
Layihə çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 30 tələbəsi 5 gün davam edən təlimlərdən sonra Talassemiya və Onkologiya Mərkəzləri və Bakının digər tibb müəssisələrində təcrübədən keçiblər.
Təlimləri “Dream Doctors” təşkilatının üzvləri və peşəkar tibbi klounlar Penni Hanuka və Vitali Azarin aparıblar. Tələbələr tibbi kloun üzrə təlimdə iştirak edəndən sonra öyrəndiklərini Tibb Universitetinin klinikalarında xəstələr üzərində sınaqdan keçiriblər”.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva layihəyə həvəslə qoşulduqlarını deyib: “Layihədə iştirakla bağlı təklifi məmnuniyyətlə qəbul etdik. Biz də bu əməkdaşlığın nəticəsini maraqla gözləyirdik. İncəsənətin doğurdan da çox böyük qüvvəyə malik olduğunu yenidən kəşf etdim. Yalnız dərmanlarla deyil, sənətlə də ağrıları unutdurmaq, xəstələrə kiçik ümid vermək, onları həyata bağlamaq olar. Sevinirəm ki, bu işdə bizim tələbələrimiz də iştirak ediblər”.
İsrailin ölkəmizdəki səfiri Dan Stav layihədə iştirak edən hər kəsə təşəkkür edib: “Bu, Azərbaycanda həyata keçirdiyimiz ilk layihədir. Layihədə iştirak edən həkim-klounların işi daha çox diqqətimi çəkdi. Xəstələrlə çalışmaq böyük zəhmət tələb edən işdir”.
Tədbirdə peşəkar tibbi klounlar Penni Hanuka və Vitali Azarin həyata keçirilən proqramla əlaqədar təəssüratlarını bölüşüblər.
Bağlanış mərasiminin sonunda tələbələrə sertifikat və hədiyyələr verilib. İsrailin ölkəmizdəki səfirliyi hər iki universitet rektoruna hədiyyələr təqdim edib.