“Sevinc” kubokunun qalibi olan Qubadlı komandasının üzvləri ilə görüş
Sumqayıt, 30 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətində 2005-2006-cı il təvəllüdlü futbolçular arasında keçirilmiş “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin final yarışında birinci yer tutmuş rayon komandasının üzvləri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, aprelin 23-dən 25-dək Xaçmaz rayonunda 40 komandanın qatıldığı respublika birinciliyində qalib olmuş komandanı təbrik edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, dövlət başçımızın idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb.
Malik İsaqov Qubadlı rayonu üzrə də idmançılar üçün əlverişli şəraitin yaradıldığını, idman avadanlıqları ilə təmin olunmuş idman zalının atletlərin istifadəsinə verildiyini diqqətə çatdırıb. O, rayon idmançılarının respublika daxili və beynəlxalq yarışlarda iştirakına daim kömək göstərildiyini vurğulayıb.
Rayonun futbol komandasının baş məşqçisi Cavanşir Əliyev idmançılara və gənclərə diqqət və qayğı ilə yanaşıldığını bildirərək, bu dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib. O, 2002-ci ildə təsis olunan “Həkəri” futbol klubunun AFFA-nın və Gənclər və İdman Nazirliyinin bütün yaş qrupları üzrə keçirdiyi yarışlarda iştirak etdiyini və futbolçuların da Azərbaycan yığma komandasına qədər yüksəldiyinin diqqətə çatdırıb.
Sonda futbol komandasının üzvləri rayon icra hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.