ELM VƏ TƏHSİL
“Səyahətnamə: Cami-cəmi-Hindistan” kitabı çapdan çıxıb
Bakı, 28 noyabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Səyahətnamə: Cami-cəmi-Hindistan” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi “Vüqarül-mülk” təxəllüsü ilə məşhur olan Mirzə Seyid Əlixan Hicazi Təbrizi, mütərcimi isə Axund Yusif Ziya Talıbzadədir. Müəllif XIX əsrin sonlarında on ilə yaxın Hindistanda səfərdə olub, ölkənin 25 vilayətini gəzərkən müşahidə etdiyi yerlər, tarixi abidələr, hind xalqının məişəti haqqında qiymətli məlumat toplayıb. Əsərdə o, gəzdiyi ölkənin iqtisadiyyatı və coğrafiyası haqqında geniş məlumat verib, bir coğrafiyaşünas kimi əyalətlərin önəmli şəxsiyyətləri, hakimləri və alimləri ilə görüşə, adət-ənənələrə xüsusi diqqət yetirib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabdan coğrafiyaşünaslar, etnoqraflar, doktorant və magistrantlar faydalana bilərlər.
Yeni nəşrin baş elmi məsləhətçisi Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, transfoneliterasiya edən, lüğət və qeydlərin müəllifi, tərtib edib çapa hazırlayan institutun Fondların elmi uçotu və mühafizəsi şöbəsinin müdiri Sadiyə Xanlarova, elmi redaktor və “Ön söz”ün müəllifi isə institutun baş mühafizi dosent Səbinə Əhmədovadır.