“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində təlimlər davam edir
Bakı, 29 iyun, AZƏRTAC
Gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti təlimlər təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, Şəki şəhərində məktəblilərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlimlər keçirilib.
İşçi Qrupunun məsul əməkdaşının təqdimatı ilə təşkil edilən təlimlərdə gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim olunub.