Səyyarə İbadullayeva: Vətən müharibəsi xalqımızın illərlə çəkdiyi torpaq həsrətinə son qoydu
Bakı, 25 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Botanika İnstitutundan məlumat verilib.
Tədbirdə institutun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva bildirib ki, 2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı oldu. Ermənistanın dinc əhalini hədəf alan təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu addım-addım irəliləyərək Qarabağ və ətraf rayonları azad etdi. Bu əməliyyatlar təkcə hərbi zəfər deyil, həm də xalqımızın illərlə çəkdiyi ədalətsizliyə və torpaq həsrətinə son qoydu.
Tədbirdə çıxış edən professor Aydın Əskərov, biologiya üzrə fəlsəfə doktorları Hilal İmanlı və Pərvanə Qaraxani Vətən müharibəsi dövründə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, igidlərimizin göstərdikləri şücaətdən danışıb, canını vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Sonda institut əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüblər.