İQTİSADİYYAT
“Şimal-Cənub” nəqliyyat dəhlizi Stavropoldan taxıl ixracını artıra bilər
Bakı, 29 mart, AZƏRTAC
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə salınması Stavropol diyarında istehsal edilən taxılın Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə ixracını artıra bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Stavropolun kənd təsərrüfatı naziri Vladimir Sitnikov jurnalistlərə məlumat verib.
“Biz Novorossiyskə milyonlarla ton taxıl daşıyırıq. Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri istiqamətində isə ixracımız heç bir milyon tona çatmır. Yəni biz ixrac axınını çoxalda, qiymətləri sabitləşdirə, Körfəz, Asiya ölkələrinə çıxa bilərik. Bu, nəhəng bazardır və bizi orada gözləyirlər”, - deyə Vladimir Sitnikov bildirib.
Nazir qeyd edib ki, indi bu istiqamətdə Stavropol diyarı təxminən 900 min ton taxıl ixrac edir. Proqnozlara görə, yeni istiqamətin açılması Stavropol taxılının alış qiymətini 10-15 faiz artırmağa kömək edəcək, ünvana çatdırılma vaxtını 5-7 gün azaldacaq. “2018-ci ildə layihənin birinci mərhələsi başa çatmalıdır. Stavropol logistika nöqteyi-nəzərindən ən əlverişli mövqedə yerləşir, biz yolun başlanğıcındayıq. Bu bizə müvafiq istiqamətdə nəqliyyat xərclərini 30 faizədək aşağı salmağa da imkan verər”, - deyə V.Sitnikov qeyd edib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi yüklərin Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən Şimali Avropaya daşınmasına hesablanıb. Layihə çərçivəsində Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirmək nəzərdə tutulur. Birinci mərhələdə dəhliz vasitəsilə ildə 5 milyon ton yük daşımaq, gələcəkdə bunu 10 milyon tona çatdırmaq və daha da artırmaq nəzərdə tutulur. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasındadır.