“Sinerjinin Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” - Sofiyada mühüm müzakirə
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə mayın 14-də “Sinerjinin Gücü: Enerji Təhlükəsizliyi və Yaşıl Keçid” mövzusunda işçi səhər yeməyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bolqarıstanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, enerji, yaşıl iqtisadiyyat və davamlı şəhərsalma üzrə mütəxəssislər, eləcə də digər aidiyyəti tərəflər iştirak ediblər.
Görüş zamanı 2026-cı ildə Sofiyada keçirilməsi planlaşdırılan yüksək səviyyəli dəyirmi masa və Azərbaycan ilə Bolqarıstan universitetləri arasında potensial əməkdaşlıq layihələrinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələr Azərbaycan ilə Bolqarıstan arasında enerji təhlükəsizliyi, yaşıl keçid, dairəvi iqtisadiyyat, dayanıqlı şəhər inkişafı, texnoloji innovasiya və akademik tərəfdaşlıq sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarına, eyni zamanda, regional enerji dayanıqlılığı məsələlərinə həsr olunub.
Tədbirdə “Müqəddəs İvan Rilski” adına Dağ-Mədən və Geologiya Universitetinin, “Müqəddəs Kliment Oxridski” adına Sofiya Universitetinin, Milli və Dünya İqtisadiyyatı Universitetinin, Memarlıq, İnşaat və Geodeziya Universitetinin nümayəndələri, həmçinin SOCAR-ın Sofiya ofisinin təmsilçisi və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti iştirak ediblər.
Müzakirələr zamanı iştirakçılar enerji mənbələrinin şaxələndirilməsinin təmin edilməsində, dayanıqlı enerji infrastrukturunun gücləndirilməsində və enerji balansının daha təmiz və dayanıqlı enerji sistemləri ilə tarazlaşdırılmasında regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıblar.
Tədbirdə enerji təhlükəsizliyi, yaşıl transformasiya və yeni dayanıqlı iş yerlərinin yaradılması istiqamətində innovativ yanaşmaların dəstəklənməsində elmi institutların və akademik əməkdaşlığın roluna xüsusi diqqət yetirilib.
Müzakirələr zamanı Azərbaycanın COP29 və Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi beynəlxalq platformalar vasitəsilə qlobal təşəbbüslərə verdiyi töhfə də xüsusi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın iqlim fəaliyyəti, dayanıqlı şəhər inkişafı və tarazlı yaşıl keçid sahəsində beynəlxalq dialoqun inkişafına və uzunmüddətli təşəbbüslərin formalaşdırılmasına sadiqliyini nümayiş etdirir.
İştirakçı universitetlərin nümayəndələri Azərbaycan və Bolqarıstan universitetləri arasında bərpa olunan enerji, nüvə enerjisi, şəhər dayanıqlılığı, sənaye innovasiyası və elmi mübadilə istiqamətlərində tərəfdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Bununla yanaşı, dövlət-özəl-elmi tərəfdaşlığın regional və qlobal enerji çağırışlarının həllində strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Görüş, eyni zamanda, Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə 2026-cı ildə Sofiyada keçirilməsi planlaşdırılan yüksək səviyyəli dəyirmi masaya hazırlıq platforması rolunu oynayıb. Həmin tədbir enerji təhlükəsizliyi və yaşıl keçid sahəsində dialoq və əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə siyasətçiləri, universitetləri, elmi dairələri, özəl sektoru və beynəlxalq ekspertləri bir araya gətirəcək.