SİQARET İNSAN SAĞLAMLIĞINA ZİYAN VURAN ƏN TƏHLÜKƏLİ VASİTƏDİR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Beynəlxalq Mətbuat Mərkəzində səhiyyə, gənclər və idman Nazirlikləri və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin (MAM) təşkilatçılığı ilə “Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ ” aylıq kampaniyası çərçivəsində “Siqaretə YOX deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova aylıq kampaniyanın əsas məqsədinin sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və bu vərdişlərdən azad olma yollarının araşdırılması olduğunu bildirmişdir. O, mərkəz tərəfindən cari il aprel ayının 10-dan 20-dək ali və orta təhsil müəssisələrini əhatə edən sorğunun nəticələrini açıqlamışdır.
Natiq ölkəmizdə siqaretdən istifadə edənlərin sayında 2005-2007-ci illə müqayisədə artım müşahidə edildiyini bildirmişdir.
Azad İstehlakçılar birliyinin rəhbəri Eyyub Hüseynov, Ağ ciyər xəstəlikləri Elmi Tədqiqat İnstitutunun direktoru, professor Faiq Ağayev və başqaları çıxış edərək siqaretin insan orqanizmi üçün törətdiyi təhlükələrindən danışmışlar.
Bildirilmişdir ki, ölkəmizdə satışda olan bəzi siqaretlərin mənşəyi, tərkibi məlum deyil və tərkibində 400-dən çox kimyəvi birləşmələr mövcuddur.
Siqaretdən istifadə vərdişinin kiçikyaşlı uşaqlar, şagirdlər, tələbələr və hətta qızlar arasında geniş yayıldığını təəssüf hissi ilə qeyd edən natiqlər gənclər arasında bu vərdişin yayılmasının əsas səbəbinin dostların təsiri, özünü müasir hiss etmək, ailədə siqaret çəkənlərin olması və digər səbəblər olduğunu bildirmişlər.