Siqaretçəkənlər pandemiya dövründə xüsusilə ehtiyatlı olmalıdırlar
Bakı, 20 iyun, AZƏRTAC
Tütündən istifadə edilməsi nəticə etibarı ilə immun sisteminin zəifləməsinə aparıb çıxardığı üçün koronavirusa yoluxmaqda təhlükə mənbəyi sayılır.
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin dediyinə görə, qəlyan və siqaretdən istifadə ağciyərləri zədələdiyinə görə bu zərərli vərdişin aludəçiləri pandemiya dövründə daha yüksək risk qrupunda sayılırlar: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, siqaretçəkmə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur. Araşdırmalar göstərir ki, tütündən birbaşa imtina edənlərdə uğur göstəricisi 80 faiz olduğu halda onu azaldaraq imtina edənlərdə həmin rəqəm daha aşağı olub. Siqaretçəkmədən imtina edəndən bir müddət sonra orqanizmdə müsbət dəyişikliklər özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, 1 aydan sonra tənəffüs yüngülləşir, artıq onları öskürək narahat etmir, 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkənlə müqayisədə yarıya enir”.
Müsahibimiz qeyd edib ki, hər bir tütün məhsulu insan orqanizmində ölümcül xəstəliklərin yaranmasına gətirib çıxaran risk faktorudur: “Elektron siqaretlər və qəlyan da yuxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir, gigiyenik tələblərə riayət edilmədikdə, hətta tənəffüs yollarının infeksion xəstəliklərin yayılmasına aparıb çıxarır. Xüsusilə, qapalı məkanlarda qəlyandan istifadə edilməsi nəticəsində insanlar həm də passiv tütünçəkməyə məruz qalırlar. Bu isə xəstəliklərin yaranma ehtimalını daha da artırmış olur. Tütündən istifadə edənlər risk qrupunda olduqlarına görə karantin şərtlərinə - xüsusilə, əllərin gigiyenası, sosial məsafənin gözlənilməsi və tibbi maskalardan istifadə məsələsinə həssas yanaşmalıdırlar. Əlbəttə ki, həmin qaydalar karantin dövründə hər kəs üçün əsas davranış normalarına çevrilməlidir. Ona görə də tütündən istifadə edənlər ikiqat diqqətli olmalı və bacardıqları qədər tez bir müddətdə qərar verərək ondan imtina etməlidirlər”.