CƏMİYYƏT
Şirvan şəhərində hemofiliyalı xəstələr üçün regional diaqnostika laboratoriyası istifadəyə verilib
Bakı, 30 iyul (AZƏRTAC). Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində hemofiliyalı xəstələr üçün regional diaqnostika laboratoriyası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə laboratoriyanın açılmasını şərtləndirən amillərdən söhbət açılıb. Bildirilib ki, laboratoriya hemofiliya mərkəzlərinin potensialının təkmilləşdirilməsi, diaqnostika və pasiyentlərin maarifləndirilmə yolu ilə qayğının mərkəzləşdirilməsi layihəsi çərçivəsində İsveçrənin “Novo-Nordisk” Hemofiliya Fondunun, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılıb. Həmçinin layihənin həyata keçirilməsində Türkiyə hemofiliya dərnəyinin əməkdaşlarının və professor Bülənt Zülfüqarın də dəstəyi olub.
Şirvan Regional Hemofiliya Mərkəzində çalışan mütəxəssislər müasir biliklərə yiyələniblər və hemofiliyalı vətəndaşlara keyfiyyətli xidmət göstərəcəklər. Müasir tibb avadanlığı ilə təmin olunan laboratoriyada regionda yerləşən 9 rayonun qan xəstəliklərindən əziyyət çəkən sakinlərinə xidmət ediləcək.