Şirvanda kompleks mülki müdafiə təlimi keçirilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Şirvan şəhərində Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hazırlıq planına uyğun olaraq kompleks mülki müdafiə təlimi keçirilmişdir.
Təlim fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkilinə həsr olunmuşdur.
Təlimdə şəhər fövqəladə hallar komissiyasının mülki müdafiə xidmətlərinin əməkdaşları, mülki müdafiə qüvvə və vasitələri iştirak etmişlər.
Təlimdə mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hadisə baş vermiş ərazidə yanğının söndürülməsinə cəlb olunmuşlar. Əraziyə yanğınsöndürən avtomobillər çağırılaraq yanğın qısa müddətdə söndürülmüşdür. Təhlükəsizlik üçün əraziyə giriş-çıxış məhdudlaşdırılmışdır.
Mülki müdafiə qüvvələri kimyəvi zəhərlənmə zonasını lokallaşdırmış və axtarış xilasetmə tədbirlərini görmüşlər.
Təlimdə zərərçəkənlərə ilk tibb yardımı göstərilmiş, vəziyyəti ağır olanlar isə yaxınlıqdakı xəstəxanalara aparılmışlar.
Epidemiya qarşı mühafizə tədbirləri, adamların təhlükəsiz ərazilərə köçürülməsi ilə bağlı tapşırıqlar təlimata uyğun yerinə yetirilmişdir.
Təlimdə əsas diqqət komandir rəis heyətinin idarəetmə bacarığının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə zamanı təhlükəsizlik qaydalarına riayət olunmasına yönəldilmişdir.
238 nəfər şəxsi heyətin və 40-a yaxın texnikanın iştirak etdiyi təlimdə şəhər mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş, qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.